2018-02-22

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, ərəb dilində hazırlanmış “Xocalı soyqırımı”, ingilis dilində “Xocalı - XX əsrin soyqırımı” kitabları, eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən soyqırımı əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində DVD variantı, Küveyt Xarici İşlər nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına, Millət Məclisinə (parlament), ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmişdir.

Bununla yanaşı, Səfirliyin ərəb dilində press-relizi Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmişdir.

Yuxarıda göstərilənlərlə yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Xocalı Soyqırımının  26-cı ildönümü ilə əlaqədar Bəyanatı Küveytin Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş Səfirliklərə və Beynəlxalq Təşkilatlara göndərilmişdir. Fevralın 21-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan Respublikası vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə  anım mərasimi keçirilmişdir.

Anım mərasimini giriş sözü ilə açaraq, Səfir Elxan Qəhrəman Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin nəinki Azərbaycan xalqının, ümumiyyətlə insanlıq tarixinə qanlı hərflərlə yazıldığını, həmin gecə erməni yaraqlılarının SSRİ-nin Xankəndində yerləşmiş 366-cı motoatıcı alayının zirehli texnika və hərbiçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdiyini, orada yaşayan mülki əhalinin qəddarlıqla qətlə yetirdiyini, bu qanlı cinayət nəticəsində erməni millətçi və separatçılarının Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə hər cür qeyri-insani vəhşiliyə hazır olduqlarını bir daha nümayiş etdirdiyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin tamamilə yox edildiyini, 25 uşağın hər iki valideyni, 130 uşağın valideynlərindən birinin öldürüldüyünü, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığını qeyd etmişdir.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin müddəalarına məhəl qoymadıqlarını bildirmişdir.

Azərbaycan xalqının sülhsevər xalq olduğunu, heç kimin torpağında gözü olmadığını, bir gün mütləq həqiqətin bərqərar olacağına, beynəlxalq hüquq norma və prinsiplərinin qələbə çalacağına, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə inandığımızı, Xocalı soyqırımı haqqında həqiqətlərin bütün miqyası və dəhşəti ilə dünya ictimaiyyətinə çatdırmaq, bunun Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım siyasəti kimi tanınmasına nail olacağımıza, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə də təkrar olunmaması üçün onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının cəzalandırılmalarının mühüm şərt olduğunu vurğulamışdır.

Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən başladıldığını vurğulayaraq, hələ 1994-cü ildə Ulu öndərimizin təşəbbüsü ilə Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildiyini bildirdi və həmin vaxtdan etibarən 26 fevral gününün – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunduğunu və bütün beynəlxalq təşkilatların  bu barədə  məlumatlandırıldığını  diqqətə  çatdırmşdır. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutduğunu bildirərək, dövlət başçısının bu istiqamətdə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdiyini qeyd etmişdir.

Daha sonra mərasim iştirakçıları Xocalı soyqırımına həsr olunmuş filmə tamaşa etmiş, Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı Soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunmuş, həmçinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostendlə tanış olmuşlar.

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qazetində məqalə dərc olunmuşdur.

 

http://www.annaharkw.com/annahar/Article.aspx?id=785461

 

Arxiv üzrə axtarış