2018-03-29

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım mərasimi

2018-ci ilin 26 mart tarixində Küveytin “Marina” mehmanxanasının  “Six Palms” ziyafətlər zalında Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan Respublikası vətəndaşları, Türkiyənin Küveytdəki Səfiri və səfirliyin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Küveytdəki turizm nümayəndəliyinin əməkdaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

İlk öncə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Daha sonra mərasimdə Səfir Elxan Qəhrəman, Türkiyənin Küveytdəki Səfiri xanım Ayşe Hilal Sayan Koytak və Küveytdə yaşayan və işləyən həmyerlimiz Fərid Cəfərov çıxış etmişlər. Səfir Elxan Qəhrəman anım mərasimini giriş sözü ilə açaraq, “Böyük Ermənistan” yaratmaq xülyasının gerçəkləşdirilməsi məqsədilə 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı tarixdən başlayaraq Azərbaycan sərhədlərinin dəyişdirildiyi, Azərbaycan torpaqlarının zəbt edildiyi, ermənilərin kütləvi surətdə həmin ərazilərə köçürüldüyü və soyqırımı siyasətinin Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyini vurğulamışdır.

1905-1907-ci illərdə erməni qəsbkarlarının Azərbaycanlılara qarşı həyata keçirdikləri Bakıdan başlanan və bütün Azərbaycanı, habelə indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edən genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə yeksan edildiyini, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini bildirmişdir. Eyni zamanda, 1917-1918-ci illərdə ermənilərin öz iddialarını həyata keçirmək məqsədilə minlərlə Azərbaycanlını qətlə yetirdikləri, tarixi abidələri, məscidləri, məktəbləri və xəstəxanaları yandırdıqlarını qeyd etmişdir. Daha sonra, ermənilərin 1947-ci ildə SSRİ Nazirlər Soveti tərəfindən Ermənistandan azərbaycanlı əhalinin Azərbaycan ərazilərinə köçürülməsi haqqında qərarın qəbul edilməsinə və 1948-1953-cü illərdə Azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail olduqlarını vurğulamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyasının yaradıldığını, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüldüyünü, lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu prosesin dayandırıldığını, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısının alındığını mərasim iştirakçılarının diqqətinə çardırmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini bildirmişdir. Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmiş bu qərarın Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinin anılması üçün əhəmiyyətli bir qərar olduğunu, şəhidlərin xatirəsinin və tarixdə göstərdikləri qəhrəmanlıqların əbədiləşdirilməsi üçün vacib bir addım olduğunu qeyd etmişdir.

Türkiyənin Küveytdəki Səfiri xanım Ayşe Hilal Sayan Koytak çıxış edərək, qardaş ölkə Azərbaycanın bu kədərli anma günündə azərbaycanlılar ilə birgə olmaqdan qürur duyduğunu və 1918-ci ildə baş verən faciəvi itkilərə görə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, Türkiyənin Azərbaycanla ümumi tarixi və mədəniyyətə malik olduğunu, Azərbaycanın strateji tərəfdaşı olduğunu, ikitərəfli münasibətlərin mükəmməl olduğunu və beynəlxalq tədbirlərdə hər iki ölkə bir-birini daim dəstəklədiyini, bunun tarix boyunca belədavam etdiyini, Türkiyənin keçmişdə də həmişə qardaş Azərbaycanın, Azərbaycan isə Türkiyənin arxasında durduğunu, Türkiyə və Azərbaycanın "bir millət - iki dövlət" prinsipi əsasında dünyada misli görünməmiş bir həmrəylik nümayiş etdirdiyini bildirmişdir.

2018-ci ildə həm Azərbaycan Demokratik Respublikasının qurulması, həm də Qafqaz İslam Ordusunun Bakıya gəlməsinin 100 illiyinin qeyd olunduğunu, bu çərçivədə hər iki ölkə cari ildə birgə geniş tədbirlər təşkil etməyi planlaşdırdığını, 15 sentyabr 2018-ci il tarixində Bakının Nuri paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən bolşevik və erməni işğalından azad edilməsinin 100 illiyinin qeyd olunacağını, Nuri Paşanın fərdi səyləri və Qafqaz İslam Ordusunun Azərbaycan Demokratik Respublikasının yaranması istiqamətində və Bakının paytaxt olması üçün göstərdiyi səylərinin unudulmaz olduğunu, onların  nəinki hazırkı Azərbaycan torpaqlarını, o cümlədən Bakını azad etməklə yanaşı, Azərbaycan xalqına qarşı törədilən qırğınlara da son qoyduğunu, Nuri Paşa və Qafqaz İslam Ordusunun Türk-Azərbaycan qardaşlığının nümayəndələri olduğunu diqqətə çatdırmışdır.

Həmçinin Səfir fürsətdən istifadə edərək, 100 il bundan öncə Azərbaycanda 1,130 əsgəri şəhid olmuş Nuri Paşa və Qafqaz İslam Ordusunun xatirəsini yad etmək istədiyini bildirmişdir.

Daha sonra, Küveytdə yaşayan və işləyən Azərbaycan vətəndaşı Fərid Cəfərov çıxış etmişdir. O, öz çıxışında aşağıdakıları bildirmişdir:

 

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Azərbaycanın paytaxtı Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhərlərdə on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Həmin dövrdə daşnak hərbi qüvvələrinin vasitəsilə təşkil edilmiş bu soyqırımını başda Stepan Şaumyan olmaqla erməni bolşevikləri vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsl tarixi həqiqəti ört-basdır etməyə çalışırdılar. Lakin zaman hər şeyi öz yoluna qoymuşdur. Erməni bolşeviklərinin əsl siması məlum olmuşdur. Xalqımıza qarşı soyqırım törətmiş bu vəhşilər öz tarixi cinayətlərini gizlədə bilməmişlər. 1918-ci ilin mart soyqırımı günü vaxtilə Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən milli matəm günü kimi keçirildi. Bu matəm iki il, yəni 1919 və 1920-ci illərdə Azərbaycanda milli matəm kimi qeyd edildi.

Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Yalnız 1991-cı illərdən başlayaraq, yəni Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra хalqımıza qarşı ermənilərin törədikləri soyqırımlar çiddi və sistemli araşdırılmağa başlanılmışdır.

Erməni şovinistləri türklərə qarşı həmişə fürsət gözləmiş, məqam düşən kimi məkrli siyasətlərini həyata keçirməyə çalışmışlar. Türkiyə, daha sonra Azərbaycanda türklərin kütləvi surətdə qətlə yetirilməsi və onların doğma torpaqlarından qovulmaları erməni şovinistlərinin siyasi mübarizəsinin ana хətti olmuşdur. 1988-ci ildən başlayaraq, Azərbaycan torpaqlarının 20 %-i işğal edən ermənilər bu gün də torpaqlarımızı işğal altında saxlamaqda davam edir.

Daha sonra mərasim iştirakçıları Azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmə tamaşa etmiş, Səfirliyin ərəb dilində press-relizi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Azərbaycanlıların soyqırımı ilə əlaqədar Bəyanatı tədbir iştirakçılarına təqdim olunmuş, həmçinin iştirakçılar sözügedən soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostend ilə tanış olmuşlar.

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

Arxiv üzrə axtarış