2018-05-14

28 may Respublika günü / Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yübileyi münasibətilə təntənəli rəsmi qəbul

14 may tarixində Küveytin “Marina” mehmanxanasının  “Salva Sabah Əl-Əhməd” konfrans və ziyafətlər zalında 28 may – Respublika günü / Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yübileyi münasibətilə təntənəli rəsmi qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Küveytdəki Səfirliyi tərəfindən keçirilən rəsmi qəbulda əsas qonaq qismində Küveyt Dövlətinin Parlament məsələləri üzrə dövlət naziri Adel Musaed Əl-Xarafi, həmçinin Küveytin dövlət və hökumət nümayəndələri, Küveyt Dövləti Əmirinin qardaşı oğlu Şeyx Təlal Əl-Sabah, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, Küveyt Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik və beynəlxalq  nümayəndəliklərin rəhbərləri və diplomatik korpusun digər əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, Türk icmasının üzvləri və aparıcı kütləvi-informasiya vasitələrinin, dövlət və özəl televiziya kanallarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin ifasında hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Səfir Elxan Qəhrəman çıxış edərək, 100 il bundan öncə 28 May 1918-ci il tarixində müsəlman Şərqində yaradılmış ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən söhbət açmış, AXC-nin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu, həmin tarixin hər il Respublika günü kimi təntənə ilə qeyd olunduğunu, Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin, həm də bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu diqqətə çatdırmışdır. AXC-nin müəyyən səbəblərə görə cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübüt etdirdiyini bildirmişdir. Eyni zamanda Səfir E.Qəhrəman, AXC-nin 100 illik yübileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini və İl ərzində həm ölkəmizdə, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərlərin keçiriləcəyini diqqətə çatdırmışdır.

 Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra əldə edilmiş uğurları, dövlət quruculuğu sahəsində Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi  tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat vermişdir.

Son illərdə ölkəmizdə keçirilən beynəlxalq konfranslar, idman yarışları, respublikamızda gedən siyasi, iqtisadi, mədəni, turizm sahələrdəki sürətli inkişaf, ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Küveytin münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulamışdır.

 Səfir eyni zamanda, iki ölkə arasında son illərdəki qarşılıqlı səfərlər, turizm sahəsində əlaqələr, 2017-ci ildən etibarən Azərbaycan-Küveyt arasında ilk dəfə olaraq birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra 17000 küveytli turistin Azərbaycana səfər etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

 Daha sonra Səfir E.Qəhrəman və Küveytin Parlament məsələləri üzrə dövlət naziri Adel Əl-Xureyfi xüsusi olaraq hazırlanmış və üzərində Azərbaycan Respublikasının milli bayrağı əks etdirilmiş tortu kəsmişlər. Bundan başqa Səfir E.Qəhrəman yerli kütləvi informasiya vasitələrinə, televiziya kanallarına da müsahibə vermişdir.

Tədbirdə Küveyt tərəfindən rəsmi qonaq qismində iştirak edən Küveyt Dövlətinin Parlament məsələləri üzrə dövlət naziri Adel Musaed Əl-Xarafi KİV-lərə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yübileyi münasibətilə Küveyt Dövlətinin Baş naziri və bütün hökumət üzvlərinin adından ölkəmizi təbrik etmiş, Azərbaycana daim sülh və əmin-amanlıq arzu etmişdir. Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətə sahib olduğunu, son illərdə Azərbaycan ilə Küveyt arasında bir çox sahələrdə, xüsusən də turizm sahəsində əməkdaşlığın genişləndiyini, iki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra Küveytdən Azərbaycana gədən turistlərin sayının artmasından və bu sahədə əlaqələrin inkişaf etməsindən məmnun olduqlarını bildirmişdir.  

Həmçinin tədbir çərçivəsində Beynəlxalq – Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Təşkilat (OİSCA-International) tərəfindən hazırlanmış, Azərbaycanın turizm və idman ölkəsi kimi böyük potensialını əks etdirən “Azərbaycanı kəşf et” adlı videoçarxın ərəb dilində təqdimat mərasimi keçirilmişdir. “OİSCA-International” təşkilatın Azərbaycan üzrə rəhbəri Elçin Nəsirli ərəb dilində “Azərbaycanı kəşf et” adlı videoçarxın ərsəyə gəlməsində və Küveytdə təqdimatının keçirilməsində köməyə görə Azərbaycanın Xarici işlər nazirliyinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyinə minnətdarlığını bildirmişdir. E.Nəsirli rəhbərlik etdiyi təşkilat tərəfindən Respublikamızın turizm və idman potensialını özündə əks etdirən “Azərbaycanı kəşf et” adlı videoçarxın ərəb dilində hazırlandığını qeyd edərək, Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları, idman və digər sahələrdə əldə etdiyi nailiyyətləri barədə məlumat vermişdir. O, həmçinin tədbirdə iştirak edən jurnalistlərin suallarını cavablandırmışdır.

Tədbirin keçirildiyi zalda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar, eləcə də Respublikamızın, mədəniyyəti, turizm imkanlarını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və s. sahələri özündə əks etdirən kitab, buklet, broşür, habelə Azərbaycanın ən məşhur yerlərini, təbiətini və gözəlliyini əks etdirən fotostendlər quraşdırılmış, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, səfalı turizm güşələri barədə sənədli film nümayiş etdirilmişdir. Həmçinin, “Baku Chamber Orchesta” gənclər kamera orkestri tərəfindən Qara Qarayev, Fikrət Əmirov, Toqfiq Quliyev, habelə tanınmış Qərb bəstəkarların musiqi əsərləri ifa olunmuşdur.

Arxiv üzrə axtarış