2018-12-02

FANA-nın sədri və OANA-nın prezidenti media qurumlarının əlaqələrini gücləndirmək yollarını müzakirə ediblər

Dekabrın 2-də Küveyt Xəbərlər Agentliyinin (KUNA) Baş direktoru, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) sədri Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabah bu ölkədə səfərdə olan AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə FANA ilə OANA arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub, media sahəsində əlaqələrin gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin Küveyt-Azərbaycan münasibətlərinə toxunulub. Belə bir yekdil fikir ifadə olunub ki, milli xəbər agentliklərinin əməkdaşlığı iki ölkəni birləşdirən əlaqələrin miqyasına uyğun səviyyədə genişləndirilməlidir.

Aslan Aslanov görüşdən xatirə olaraq Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabaha milli ornamentlərlə bəzədilmiş Azərbaycan xalçası və kitablar hədiyyə edib. Kitablardan biri açılışında Azərbaycan Prezidentinin iştirak etdiyi Dünya Xəbər Agentliklərinin Bakı Konqresi barədədir. Konqresdə aparılan müzakirələrdə KUNA-nın Baş direktoru da çıxış edərək medianın aktual problemlərinin həlli barədə faydalı fikirlər səsləndirib. Konqresin materialları nəşrdə Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində verilib. Digər kitab isə dünya xəbər agentliklərinin, o cümlədən KUNA-nın təqdim etdiyi fotolar əsasında nəşr olunub.

Görüşdən sonra KUNA agentliyinə müsahibə verən AZƏRTAC-ın İdarə Heyətinin sədri ölkələrimiz və xalqlarımız arasındakı səmimi dostluq əlaqələrindən danışaraq deyib: “Bu əlaqələr xalçanın bir-birinə sıx şəkildə toxunmuş ilmələrinə bənzəyir, qürur hissləri doğurur”.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Küveytə səfərinin çox məhsuldar və işgüzar mühitdə keçdiyini bildirib, göstərilən xoş münasibətə görə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, qarşılıqlı səfərlər və görüşlər medianın inkişafı, müasir modellərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, xəbər agentlikləri arasında əməkdaşlığın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Arxiv üzrə axtarış