2018-12-03

Küveytin Baş naziri FANA konfransının iştirakçıları ilə görüşüb

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov görüşdə çıxış edib

Dekabrın 2-də Küveytin Baş naziri Cabir Mübarək əl-Həməd əs-Sabah bu ölkənin dövlət xəbər agentliyinin (KUNA) ev sahibliyi ilə keçirilən Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) Baş Assambleyasının 46-cı konfransının iştirakçılarını, o cümlədən konfransa müşahidəçi kimi dəvət olunmuş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovu qəbul edib.

Müasir dövrdə informasiyanın düzgün çatdırılmasında xəbər agentliklərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan Baş nazir cəmiyyətlərə mənfi təsir göstərən yanlış xəbərlərin qarşısının alınmasında jurnalistləri daha diqqətli olmağa və peşəkarlıq prinsiplərinə daim sadiq qalmağa çağırıb. Cabir Mübarək əl-Həməd əs-Sabah qeyd edib ki, hazırda dünyada islamafobiya halları və terroru İslam dini ilə bağlamaq cəhdləri geniş yayılıb. Baş nazir dezinformasiya və yanlış məlumatlandırma siyasətinə qarşı mübarizədə OANA və FANA kimi regional media təşkilatlarının fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə bir sıra ərəb dövlətlərinin xəbər agentliklərinin rəhbərləri çıxış edərək Baş nazir Cabir Mübarək əl-Həməd əs-Sabahın toxunduğu məsələlərin aktuallığını və mövcud təhdidlərin, çağırışların qarşısının alınmasında xəbər agentlikləri arasında əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıblar.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov çıxışında Azərbaycanla Küveyt arasında əməkdaşlıq əlaqələrinin dövlət rəhbərlərinin müdrik siyasəti nəticəsində daim yüksələn xətlə inkişaf etdiyini, bunun da öz növbəsində xəbər agentliklərinin üzərinə böyük məsuliyyət qoyduğunu bildirib.

Müasir dövrdə qarşıya çıxan çağırışlara cavab vermək üçün agentliklər arasında əlaqələrin önəmini bir daha vurğulayan Aslan Aslanov AZƏRTAC-la KUNA-nın dostluq münasibətlərini və sıx əməkdaşlığını buna ən yaxşı nümunə adlandırıb.

Bu fikirləri bölüşən Cabir Mübarək əl-Həməd əs-Sabah Küveyt ilə Azərbaycan arasında münasibətlərin inkişafında dövlət başçılarının böyük rolu olduğunu, xəbər agentliklərinin də öz ölkələrinin nailiyyətlərini təbliğ edərək dünyaya yaymaq üçün əməkdaşlığı gücləndirməsinin vacibliyini vurğulayıb.

Baş nazir OANA-nın prezidenti Aslan Aslanovun FANA-nın konfransında iştirakından məmnunluğunu ifadə edib.

Sonda Cabir Mübarək əl-Həməd əs-Sabah görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Arxiv üzrə axtarış