2018-12-03

Küveytdə Ərəb Xəbər Agentlikləri Təşkilatı Baş Assambleyasının 46-cı konfransı keçirilib

Dekabrın 2-3-də Küveyt Dövlətinin paytaxtı əl-Küveyt şəhərində Ərəb Xəbər Agentlikləri Təşkilatının (FANA) Baş Assambleyasının 46-cı konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Küveytin Baş naziri Cabir Mübarək əl-Həməd əs-Sabahın himayəsi ilə keçirilən tədbirdə üzv agentliklərin rəhbərləri, o cümlədən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və agentliyin ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev iştirak ediblər.

Konfransın açılışında çıxış edən Küveytin informasiya və gənclər üzrə dövlət naziri Məhəmməd əl-Cəbri bu gün dünyada sürətlə cərəyan edən hadisələrin, ortaya çıxan çağırışların mediaya təsirsiz ötüşmədiyini, bəzi mənfi təmayüllərin yaranmasına səbəb olduğunu bildirib. Nazir qeyd edib ki, xəbər agentlikləri cəmiyyətlərin sabitliyini pozmağa, insanlarda çaşqınlıq yaratmağa yönəlmiş yalan xəbərlərə qarşı sipər olmalıdırlar.

Küveytli nazir AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanova dəvəti qəbul edərək konfransda iştirak etdiyinə görə təşəkkürünü bildirib.

Daha sonra FANA-nın prezidenti, Küveytin KUNA xəbər agentliyinin İdarə Heyətinin sədri Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabah və FANA-nın baş katibi Fərid Əyyar çıxış edərək konfransda müzakirə olunacaq məsələlər barədə məlumat verib, iştirakçıları fəal diskussiyalara çağırıblar.

Açılış mərasimindən sonra nümayəndələr KUNA-nın təşkil etdiyi fotosərgi ilə tanış olublar.

Sonra konfrans işçi iclaslarla davam edib.

Birinci işçi iclasda FANA-nın illik fəaliyyəti barədə məruzə təqdim edilib və qarşıda duran problemlər, o cümlədən təşkilatın büdcəsi, treninq proqramlarında iştirak məsələləri barədə müzakirələr aparılıb.

İclasda çıxış edən OANA-nın və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov regional media qurumlarının səmərəli əməkdaşlığından danışıb. O, AZƏRTAC ilə Küveytin KUNA, Səudiyyə Ərəbistanının SPA agentlikləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq əmin olduğunu bildirib ki, Küveytdə yüksək səviyyədə təşkil edilən konfrans həm FANA və OANA, həm də ərəb xəbər agentlikləri ilə AZƏRTAC arasında əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

“KUNA agentliyinin sədrliyi dövründə FANA çox mühüm irəliləyişlərə nail olub. Bu uğurda AZƏRTAC-ın yaxın dostları KUNA xəbər agentliyinin İdarə Heyətinin sədri Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabahın və peşəkar media mütəxəssisi, FANA-nın baş katibi Fərid Əyyarın ölçüyəgəlməz xidmətləri var. Onlar nəinki FANA-nın, habelə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, OANA-nın və digər regional media təşkilatlarının fəaliyyətinə də dəyərli töhfələr verir”, - deyə Aslan Aslanov qeyd edib.

OANA-nın veb-saytının ərəb dünyası ilə bağlı məlumatların daha geniş coğrafiyada yayılması üçün mühüm platforma olduğunu vurğulayan Aslan Aslanov ərəb xəbər agentliklərini burada daha çox informasiya paylaşmağa çağırıb. O, AZƏRTAC-ın OANA-nın daha da təkmilləşdirilməsi, müasir tələblərə cavab verən quruma çevrilməsi üçün daimi baş katiblik ofisinin yaradılması, qurumun təlim akademiyasının təsis edilməsi, maliyyə komissiyasının formalaşdırılması və digər təkliflər irəli sürdüyünü xatırladıb, bununla bağlı ərəb xəbər agentliklərinin fikirlərinin də önəmli olacağını diqqətə çatdırıb.

Hazırda medianın əsas problemlərindən birinə çevrilmiş yanlış xəbərlərin yayılmasının qarşısının alınması yollarına toxunan OANA-nın prezidenti etibarlı xəbər mənbələri olan agentliklərin daha sıx əməkdaşlıq qurmasına, informasiya və təcrübə mübadiləsini gücləndirməsinə ehtiyac olduğunu bildirib.

İşçi iclaslarda bir sıra qərarlar qəbul olunub.

Qeyd edək ki, FANA 1975-ci ildə yaradılıb. Mərkəzi qərargahı Livanda yerləşən bu təşkilat öz sıralarında 18 ərəb xəbər agentliyini birləşdirir. Ərəb Liqasının nəzdində fəaliyyət göstərən FANA-nın məqsədi media qurumlarının əməkdaşlığının gücləndirilməsi və üzv agentliklər arasında təcrübə mübadiləsinin genişləndirilməsidir.

Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabah 2015-ci ildən FANA-ya sədrlik edir.

Arxiv üzrə axtarış