Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib. Belə ki, ərəb dilində hazırlanmış “Xocalı soyqırımı”, ingilis dilində “Xocalı - XX əsrin soyqırımı” kitabları, eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən soyqırımını əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində DVD variantı, səfirliyin ərəb dilində press-relizi Küveyt Xarici İşlər Nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına, parlamentə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanatı Küveyt parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Azərbaycanın Küveytdəki səfirliyində bu ölkədə yaşayan və işləyən, təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və digər ölkələrin diaspor nümayəndələrinin, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Əvvəlcə soyqırımına məruz qalmış xocalılıların, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Elxan Qəhrəman çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin nəinki Azərbaycan xalqının, ümumiyyətlə insanlıq tarixinə qanlı hərflərlə yazıldığını, həmin gecə erməni yaraqlılarının SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnika və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdiyini, orada yaşayan mülki əhalinin qəddarlıqla qətlə yetirildiyini, bu qanlı cinayət nəticəsində erməni millətçi və separatçılarının Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə hər cür qeyri-insani vəhşiliyə hazır olduqlarını bir daha nümayiş etdirdiyini iştirakçıların diqqətinə çatdırıb.
Diplomat erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri həmin kütləvi qırğın zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin tamamilə yox edildiyini, 25 uşağın hər iki valideyninin, 130 uşağın isə valideynlərindən birinin öldürüldüyünü, 76-sı uşaq olmaqla, 487 nəfərin yaralandığını qeyd edib. Bildirib ki, Xocalı soyqırımında iştirak etmiş ermənilər və onların köməkçiləri insan haqlarını kobud şəkildə pozub, beynəlxalq hüquqi aktların, o cümlədən Cenevrə Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin müddəalarına məhəl qoymayıblar. Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində dinc əhalimizə qarşı törədilən Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymətin verildiyini, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunduğunu, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən böyük xidmətlər göstərildiyini, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirildiyini, habelə Fondun birinci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlərin reallaşdırıldığını diqqətə çatdırıb.
Səfir Xocalı faciəsinin parlament səviyyəsində bir çox ölkə və təşkilatlar tərəfindən qətliam kimi tanındığını qeyd edib. Diqqətə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən bu soyqırımı ilə bağlı bir neçə qətnamə qəbul olunub, habelə ABŞ-ın 20-dən çox ştatı Xocalı hadisəsini soyqırımı kimi tanıyıb.
Sonra Xocalı soyqırımına həsr olunmuş filmə nümayiş olunub.
Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanmış “Xocalı soyqırımı” kitabı tədbir iştirakçılarına paylanılıb.