Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Anım Mərasiminə dair
Bildiririk ki, 2019-cu ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdə Səfirliyimizin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak etmişlər.
İlk öncə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi giriş sözü ilə açan Səfir Elxan Qəhrəman Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişdir. Belə ki, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı 1969-1982-ci illərdə Azərbaycanın iqtisadi-siyasi cəhətdən inkişaf edərək, SSRİ ölkələri arasında daha çox inkişaf edən ölkələrdən birinə çevrildiyini, SSRİ dövründə yeganə müsəlman rəhbər kimi ərəb və islam ölkələri ilə əlaqələri inkişaf etdirdiyini, eləcə də ərəb ölkələrinin problemlərini bir mənalı şəkildə dəstəklədiyini həmvətənlərimizin diqqətinə çatdırmışdır.
Səfir çıxışında Ümummilli Liderin 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etməsini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsini əsl vətənpərvərlik nümunəsi kimi gələcək nəsillərə örnək olduğunu vurğulamışdır.
1993-cü ildə Ulu Öndər xalqın tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıtmasını və o ağır dövrlərdə xalqın çətinliklərdən xilas edilməsində yardımçı olmasını, 1993-cü ildən bəri bütün sahələrdə quruculuq və inkişaf meyilləri başlamasını və güclənməsini, həmçinin əhəmiyyətli müqavilələr bağlandığını və ölkəyə böyük həcmdə xarici sərmayələrin gətirildiyini tədbir iştirakçılarını diqqətinə çatdırmışdır.
Ümummilli Liderin İlk növbədə, hakimiyyət boşluğunu aradan qaldırdığını, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələrin xalqın fəal dəstəyi ilə zərərsizləşdirildiyini, vətəndaş müharibəsinin qarşısını aldığını və Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlərin cəmiyyətdən təcrid edildiyini qeyd etmişdir. Onun hakimiyyəti dövründə Azərbaycanın vahid nizami milli ordusunun formalaşdırıldığını, 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunduğunu qeyd edərək, Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırıldığını bildirmişdir.
Səfir həmçinin 1995-ci ildə 12 noyabr tarixində Azərbaycanda yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirildiyini və bunun Azərbaycanın həyatında demokratiya yolunda bir addıma çevrildiyini qeyd etmişdir.
Səfir E.Qəhrəman məhz Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan Respublikasının avroatlantika strukturları ilə əməkdaşlığı gücləndirdiyini, 1994-cü ildə Azərbaycanın NATO ilə sıx əməkdaşlığının başlandığını və o zamandan indiyə kimi Azərbaycanın bu təşkilatla sülhün qorunmasında yaxından əməkdaşlıq etdiyini bildirmişdir.
O bildirmişdir ki, Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsində ictimai, iqtisadi stabilliyə nail olundu və Azərbaycan iqtisadiyyatının inkişafında yeni mərhələ başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanın prezidenti seçilən zaman ölkə özünün ən ağır böhran vəziyyətini yaşayırdı. Lakin onun rəhbərliyi altında ölkə tezliklə iqtisadi böhrandan çıxmağı bacardı və 1996-cı ildən etibarən isə ölkə iqtisadiyyatının canlanma dövrü başladı. İqtisadi islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına təkan verdi və bu ilbəil dövlət büdcəsinin artımı ilə müşahidə olundu. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.
Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrilmişdir.
Səfir E.Qəhrəman Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində artıq işğalçı Ermənistan dövlətinin istər informasiya müharibəsində, istərsə də cəbhədə küncə sıxışdırılmaqda davam etdiyini və bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi göstərildiyini qeyd edərək, Prezidentin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondu ilə ölkəmizin xaricdəki diplomatik missiyalarının birlikdə apardığı fəal iş nəticəsində Xocalı soyqırımının dünyanın bir çox ölkələri və təşkilatları tərəfindən tanınmasını Azərbaycan Respublikasının xarici siyasətinin uğurları kimi səsləndirmişdir.
Səfir çıxışına davam edərək Azərbaycanın bu gün müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoq, həmçinin beynəlxalq nəqliyyat xəttlərinin qovşağına çevrilməsini məmnunluq hissi ilə qeyd edərək, 2019-cu ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Humanitar Forumlarının, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya dini liderlərinin II Bakı Sammitinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün əhəmiyyəti barədə danışmışdır.
Səfir E.Qəhrəman Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyinin beynəlxalq aləmdə artan nüfuzunun möhkəmləndirilməsinə, ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsinin genişləndirilməsinə töhfə verəcəyini qeyd etmişdir.
Həmçinin Tarixi İpək Youlunun bərpa siyasətinin davamı kimi 2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti istismara verilməsini, bu ilin noyabr ayının 30-da isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsini xatırladaraq, bu layihənin davamı kimi TAP layihəsinin gələcək illərdə reallaşmasının dövlətimizin iqtisadi gücünün daha da artmasına və Azərbaycanla Avropa ölkələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın güclənməsinə dəstək olacağını qeyd etmişdir.
Səfir çıxışının sonunda Azərbaycanın əldə etdiyi uğurların bütün vətəndaşlar üçün sevindirici və qürurlandırıcı olduğunu qeyd edərək, torpaqlarımızın işğaldan azad edilməsinin hər bir vətəndaşın arzusu olduğunu və belə bir arzunu gerçəkləşəcəyi təqdidrə Qarabağ torpaqlarında uyuyan dədə babalarımızın, qəhrəmanlarımızın, şəxsiyyətlərimizin, həmçinin Ümummilli Lider Heydər Əliyevin də ruhunun şad olacağını bildirmişdir.
Bununla yanaşı, səfirliyimizdə Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgi, həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilmişdir. Çıxışdan sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş “Qayıdış” sənədli filminə tamaşa etmişlər.
Göstərilənlərlə yanaşı qeyd etmək istərdik ki, Küveytin geniş oxucu kütləsinə malik, çoxtirajlı “Əl-Cəridə”, "Ən-Nahar" qəzetlərinin və “Dasman news” elektron qəzetinin 10 dekabr tarixli buraxılışlarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı məqalələr dərc olunmuşdur.
https://www.aljarida.com/articles/1575825117703902000/,
http://annaharkw.com/Home/Articles/ArticleDetail?Id=3f4d209a-0e13-47c9-94e7-a48aa9da6660
Azərbaycan Respublikasının
Küveyt Dövlətindəki Səfirliyi
Əl-Küveyt şəhəri