“Küveytin ingilis dilli “The Times” qəzetində “Nəsimi ili”nə həsr olunmuş məqalə dərc olunub”.
Bildiririk ki, Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə 2019-cu ilin dekabr ayının 24-də Küveytdə ingilis dilində həftəlik nəşr olunan “The Times” qəzetində “Nəsimi ili”nə həsr olunmuş məqalə dərc edilmişdir.
Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə artıq sona çatmaqda olan 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğu, bu il ərzində böyük şairin anadan olmasının 650 illik yubileyi münasibətilə respublikanın bütün bölgələrində və ölkə xaricində həyata keçirilmiş müxtəlif xarakterli tədbirlər barədə məlumat verilmişdir.
Xüsusilə 2019-cu ilin dekabr ayının 6-da Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağac əkilməsi ilə həyata keçirilmiş yaşıl gələcək uğrunda ictimai aksiyanın ətraf mühitin qorunmasına xidmət edən və dünyada görünməmiş bir kampaniya olduğu vurğulanmışdır.
Nəsiminin həyat və yaradıcılığna dair ətraflı məlumat verilərək onun müdafiə etdiyi sufi-hürufi ideyaları, Azərbaycanda yaranan hürufizmin Yaxın və Orta Şərqə, Anadoluya, Orta Asiyaya, Balkanlara yayılması, həmçinin şairin ondan təxminən beş əsr əvvəl Ərəb torpaqlarında (Bağdad, Məkkə) yaşayıb yaratmış və şerlərində yad etdiyi Həllac Mənsurla düşüncə və talelərindəki oxşarlıqlar barədə söhbət açılmışdır.
Şairin Azərbaycan (türk) dili ilə yanaşı, fars və ərəb dillərində də müxtəlif janrda əsərlər yaratdığı, onun mistik-fəlsəfi düşüncəsinin özündən sonrakı Füzuli, Xətai kimi bir çox böyük şairlər tərəfindən davam etdirildiyi qeyd olunmuşdur.
Nəsiminin ümumbəşəri şair olduğu, onun yubileylərinin nəinki Azərbaycan Respublikasında, eləcə də UNESCO çərçivəsində beynəlxalq səviyyədə qeyd olunduğu bildirilmiş, şairin adının əbədiləşdirilməsi üçün Azərbaycanda və dünyada görülmüş işlər barədə Küveyt oxucularına məlumatlar verilmişdir.
Məqalənin internet versiyasının ünvanını diqqətinizə təqdim edirik: