2020-09-14

Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək

2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. 1941-ci ildə könüllü cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Onun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Vurğulanır ki, xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

Sərəncamda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinə Azərbaycan xalqının cəsur övladı Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair birgə tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Qeyd edək ki, Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. 1994-cü ildə vəfat edib. Şəki şəhərində əfsanəvi partizanın xatirə muzeyi var.

Ə.Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov polis orqanlarında çalışıb. 1990-cı ilin dekabrında Dağlıq Qarabağda ermənilərin azərbaycanlı əhaliyə qarşı basqınlarının qarşısını alarkən həlak olub. 1992-ci ildə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

http://cipdh.fr/ahmadiyya-jabrayilov-lhistoire-du-heros-national-francais/

Arxiv üzrə axtarış