Küveyt mətbuatında Azərbaycan səfirinin ölkəmizin müstəqilliyinin bərpasının 30 illiyi ilə bağlı məqaləsi dərc olunub
Küveytin “Əl-Ray”, “Əl-Ənbə”, “Əl-Nahar”, “Əl-Qabas”, “Əl-Siyəsə”, “Əl-Cəridə” “Əl-Vasat” qəzetlərində, habelə “Q8-Press”, “Bobiannews”, “Dasmannews” informasiya portalları Azərbaycanın səfiri Elxan Qəhrəmanın ölkəmizin müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Küveyt-Azərbaycan əlaqələrinin ildən-ilə inkişaf etdiyi, bu münasibətlərin qarşılıqlı hörmətə, səmimi dostluğa əsaslandığı, iki ölkənin xalqlarının ortaq İslam irsi və tarixinə, mədəniyyətə və ənənələrə sahib olduğu bildirilib. Müəllif vurğulayıb ki, 1994-cü il oktyabrın 10-da Azərbaycan ilə Küveyt arasında diplomatik əlaqələr qurulduqdan sonra səfirliklərin fəaliyyətə başlaması əməkdaşlığı daha da gücləndirib. Küveyt hökuməti Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərən ilk ölkələrdən olub.
Yazılarda diqqətə çatdırılıb ki, Küveyt sərmayəsi işğaldan azad edilmiş torpaqlarda maddi mədəniyyət abidələrinin bərpasına və yenidən qurulmasına, digər sosial və iqtisadi inkişaf layihələrinə töhfə verə bilər. COVID-19 pandemiyasından sonra iqtisadi əlaqələrimizin hərtərəfli inkişafı üçün ən yaxın vaxtda dost Küveyt ilə Azərbaycan arasında uçuşların bərpa edilməsi də faydalı olacaq.
Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il fevralın 10-da Küveytə rəsmi səfəri və bu dövlətin mərhum Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahla görüşü iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
Səfər zamanı Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın yaradılması haqqında müqavilə imzalanıb. Bundan sonra Komissiyanın Bakıda və Küveytdə iclasları keçirilib, həmçinin iki ölkə arasında siyasi, humanitar, mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlığa dair 20-dən çox sənəd imzalanıb.
Məqalələrdə Azərbaycanın son 30 ildə iqtisadi inkişafı və investisiya imkanları barədə məlumat verilib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi uğurlu transmilli layihələrdən söz açılıb. Bildirilib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir. Eyni zamanda, ölkəmiz Böyük İpək Yolu layihəsinin iştirakçısıdır və Şimal, Cənub, Şərq və Qərb arasında beynəlxalq nəqliyyat mərkəzinə çevrilib. Bundan başqa, iqtisadiyyatın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün mühüm addımlar atılıb, bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkı və Ələt Azad İqtisadi Zonası yaradılıb.
Müəllif vurğulayıb ki, Azərbaycan xalqı 1991-ci ildən bəri ilk dəfə olaraq bu bayramı ərazi bütövlüyünü bərpa edən qalib ölkə kimi qeyd edir. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuz 30 ilə yaxın davam edən işğala son qoyub, böyük qəhrəmanlıq dastanı ilə dolu tarix yazıb. Azərbaycan dövlətinin Qarabağda həyata keçirdiyi bərpa-quruculuq işlərində Türkiyə, Macarıstan, İtaliya, İngiltərə və Cənubi Koreya kimi dost ölkələrin şirkətləri iştirak edəcək.
Azərbaycanın Küveytdəki səfirliyinin əməkdaşı Küveytin “Nabd Əl-Kuwait” radiosunun “Yaquti və Ansari-nin məclisi” ictimai proqramının da qonağı olub. Canlı yayımda Azərbaycan Respublikasının dövlət müstəqilliyin bərpası, turizm potensialı və sair barədə ətraflı məlumat verilib, dinləyicilər tərəfindən studiyaya ölkəmiz barədə ünvanlanmış çoxsaylı suallar cavablandırılıb.