2021-11-17

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır.

Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, habelə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması onu göstərir ki,  Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir.

Bütün bunlar onu göstərir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də Azərbaycan ilə sərhədlərin delimitasiyasında maraqlı deyil. Vurğulayırıq ki, bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır. Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Arxiv üzrə axtarış