Küveytdə Azərbaycanın Müstəqillik Gününün 104-cü ildönümü münasibətilə rəsmi ziyafət təşkil edilib
Küveytin “Marina” mehmanxanasının “Salva Sabah Əl-Əhməd” konfrans və ziyafətlər zalında Azərbaycan Respublikasının Müstəqillik Gününün 104-cü ildönümünə həsr olunmuş təntənəli rəsmi ziyafət təşkil edilib. Tədbirdə Küveyt Dövlətinin xarici işlər nazirinin müavini vəzifəsini icra edən Dari Acran Əl-Acran iştirak edib.
Tədbirin açılışında Küveyt Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsindən sonra ölkəmizin Küveytdəki səfiri Elxan Qəhrəman çıxış edib.
Səfir çıxışında 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk demokratik respublika olduğunu, lakin bolşevik-daşnak işğalı nəticəsində uzun müddət fəaliyyət göstərə bilmədiyini qeyd edib. O əlavə edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız AXC-nin zəngin dövlətçilik ənənələri əsasında müstəqil Azərbaycan dövlətini qurub.
Müstəqil Azərbaycan Respublikasının uğurları haqqında danışaraq ölkəmizin bütün iqtisadi və hərbi göstəricilərə görə Cənubi Qafqaz regionunun lider dövləti olduğunu qeyd edən səfir ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, müstəqil Azərbaycanın hərtərəfli inkişafına səbəb olan neft strategiyası, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP kimi transmilli layihələr haqqında məlumat verib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyindən, hərəkata üzv olan dövlətlərin yekdil qərarı ilə sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılmasından danışıb və bunu ölkəmizin beynəlxalq nüfuzunun artması kimi qiymətləndirib.
Səfir E.Qəhrəman 8 noyabr 2020-ci il tarixinin Azərbaycan xalqının tarixinə Zəfər Günü kimi daxil olduğunu, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın 30 illik işğalına son qoyduğunu və Qarabağ torpaqlarını işğaldan azad etdiyini vurğulayıb. O, Ermənistan tərəfindən işğal olunan torpaqlarda 67 məsciddən 65-nin, o cümlədən yaşayış evləri, inzibati binalar, muzeylər, məktəblər və tarixi abidələrin dağıdıldığını, meşələr və digər təbii yataqların talan edildiyini, çayların kimyəvi tullantılarla çirkləndirildiyini və bununla da ətraf mühitə ciddi ziyan vurulduğunu diqqətə çatdırıb.
Sonra səfir 700 mindən çox məcburi köçkünün yaxın zamanda öz doğma yurdlarına qayıtması, təhlükəsiz və rahat şəraitdə yaşaması istiqamətində işğaldan azad edilən torpaqlarda həyata keçirilən təxirəsalınmaz tədbirlər, minatəmizləmə işləri, “Böyük Qayıdış” proqramı, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. O, həmçinin“ Böyük Qayıdış” proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icra olunduğunu və bərpa-quruculuq işlərinə Türkiyə, Pakistan, Rusiya, ABŞ, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı, İran, İtaliya, Almaniya, Böyük Britaniya, Macarıstan və s. kimi dost ölkələrin şirkətlərinin cəlb olunduğunu, onların sərmayə yatırmaqla, birgə layihələr həyata keçirməklə bizə yaxından dəstək olduqlarını vurğulayıb.
Diplomatımız yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji”dən istifadə olunacağını və qarşıdakı yaxın illərdə gözəl Qarabağın səfalı yerlərinin xarici turistlər tərəfindən də ziyarət edilə biləcəyinə inamını ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu qeyd edən səfir cari il ərzində Qarabağın incisi, mədəniyyətimizin paytaxtı Şuşa şəhərində bir çox mədəniyyət tədbirlərinin keçirildiyini və ilin sonuna qədər bu tədbirlərin davam edəcəyini açıqlayıb.
İkitərəfli əlaqələr barədə danışan səfir bildirib ki, Azərbaycan Respublikası ilə Küveyt Dövləti və xalqları arasında çoxəsrlik tarixi, dini və mədəni əlaqələr mövcuddur. Çox sevindirici haldır ki, əlaqələrimiz həm ikitərəfli, həm də çoxtərəfli əsasda yüksələn xətt üzrə inkişaf edir. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO, OPEC kimi beynəlxalq və regional təşkilatlarla yaxından əməkdaşlıqla qarşılıqlı dəstək nümayiş etdirilir. Hazırda paytaxtlarımız arasında 3 aviaşirkət tərəfindən həftədə 7 dəfə uçuş həyata keçirilir və Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur.
Qeyd edək ki, tədbirin keçirildiyi zalda “2022-ci Şuşa İli” və “8 Noyabr - Zəfər Günü”nü əks etdirən fotostendlər quraşdırılıb, habelə AXC-nin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, xalqımızın mədəniyyəti, turizm imkanları, füsunkar təbiəti, biznes imkanları ilə bağlı kitab, jurnal, buklet, broşürlər sərgilənib, böyük ekranlarda videogörüntülər nümayiş etdirilib.
Səfirliyin təşəbbüsü ilə ərəb dilində dərc olunan “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı broşür və digər təbliğat materialları, eləcə də “Azərçay” nümunələri iştirakçılara hədiyyə olunub.
Bayram ziyafətində, eyni zamanda, hakim ailənin üzvü Şeyx Talal Əl-Sabah, həmçinin Küveyt parlamentinin deputatları, Küveyt Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, ölkədə akkreditə olunmuş 60-a yaxın səfir və beynəlxalq nümayəndəliklərin rəhbərləri, diplomatik korpusun digər əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin və türk icmasının üzvləri iştirak ediblər. Küveytin “Al-Anba”, “An-Nahar”, “Əl-Cəridə”, “Əs-Siyasət”, “Əl-Qabas”, “Əl-Ray”, "TheTimes", "ArabTimes" qəzetlərində və digər kütləvi informasiya vasitələrində bayram tədbiri barədə məlumatlar dərc edilib.