AZƏRBAYCAN RESPUBLIKASINA ƏCNƏBİNİ VƏ YA VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSİ DƏVƏT ETMƏK ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

 

Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi hüquqi şəxsin dəvət etməsi üçün tələb olunan sənədlər:

  1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin kağız daşıyıcıda vəsatəti (nümunəsi əlavə olunur) (2 nüsxədə)
  2. Hüquqi şəxs tərəfindən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanlanmış məktub. Məktubda vizanın məqsədi (işgüzar, əmək, elm və ya təhsil, müalicə, humanitar, mədəniyyət və idman), dəvətin müddəti (işgüzar məqsədi 180 günədək, mədəniyyət və idman məqsədi 60 günədək, digər məqsədlər isə 90 günədək müəyyən edilə bilər), vizanın giriş sayı (birdəfəlik və ya çoxdəfəlik), əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin viza verilməsi məqsədilə müraciət edəcəyi Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğunun adı qeyd olunmalıdır.
  3. Hüquqi şəxs qeyri-dövlət təşkilatı olduğu halda dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti.
  4. Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun surəti.
  5. Sənədlər hüquqi şəxsin nümayəndəsi vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti (etibarnamə).
  6. Sənədlər hüquqi şəxsin nümayəndəsi vasitəsilə təqdim edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti.
  7. Dövlət rüsumunun (4 manat) ödənilməsi barədə qəbz.

Qeyd: - “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.5-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən müvafiq göstərişin göndərilməsi üçün – 4 manat məbləğində dövlət rüsumu alınır.

Dövlət rüsumunun ödənilməsi aşağıdakı şəkildə həyata keçirilə bilər:

1. Banklarda “Hökümət Ödəniş portalı” vasitəsilə.

Qeyd: Ödəniş edərkən dövlət qurumunun adını (Xarici İşlər Nazirliyi – Büdcə Ödənişləri) və ödəniş növünü (142241- Səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə) bildirin.

2. “Hökümət Ödəniş portalı”nın  internet informasiya ehtiyatları (www.gpp.az) vasitəsilə.

Qeyd: Aşağıda göstərilən ardıcıllıqla ödəniş edilir.

  • “Hökümət Ödəniş portalı”nın internet informasiya ehtiyatlarına (www.gpp.az) daxil olur.
  • “Bütün ödənişlər” → “Büdcə” →”Xarici İşlər Nazirliyi” bölməsinə keçid edir.
  • Müraciət edən tərəf müvafiq olaraq VÖEN nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edir.
  • “142241 - Səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə” bəndini əlavə edir.
  • Plastik ödəniş kartının məlumatları daxil edilərək, ödəniş yekunlaşdırılır.
  • Qəbz çap edilir.

3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bank hesabı rekvizitləri vasitəsilə (ƏLAVƏ 1).

Sənədlərin qəbul edildiyi ünvan: Xarici İşlər Nazirliyinin inzibati binasının arxa tərəfində yerləşən vətəndaşlar üçün ayrılmış qəbul otağı. (Ş.Qurbanov küç.50, Bakı.)

Sənədlərin qəbulu və  hazır sənədlərin təhvil verilməsi: Bazar ertəsi, Çərşənbə və Cümə günləri (10:00 – 12:30).

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Arxiv üzrə axtarış